Növbə bağlanışı günün satışını sadəcə çap etmək deyil. Məqsəd proqramdakı ödənişlər, bank terminalı və kassadakı fiziki nağdın bir-biri ilə uyğunluğunu təsdiqləməkdir.
1. Açıq əməliyyatları tamamlayın
Gözləmədə qalan səbətlər, yarımçıq qaytarmalar və təsdiqlənməmiş kassa sənədləri bağlanmalıdır. Əks halda yekun hesabat real vəziyyəti göstərməyəcək.
2. Nağdı kassadan kənarda sayın
Kassir fiziki pulu nominal üzrə sayıb yekun rəqəmi sistemə daxil edir. Sistem məbləğini əvvəlcədən görmək fiziki sayı ona uyğunlaşdırmaq riskini artırdığı üçün sayım müstəqil aparılmalıdır.
3. Kart ödənişlərini tutuşdurun
Bank terminalının gün sonu yekunu proqramdakı kart satışları ilə müqayisə edilir. Fərq varsa, kart əvəzinə nağd və ya nağd əvəzinə kart seçilmiş çeklər axtarılır.
4. Qaytarma və kassa məxaricini yoxlayın
Nağd qaytarma, inkassasiya, xırda xərc və kassadan çıxarılan hər məbləğ sənədlə görünməlidir. Şifahi qeyd növbə hesabatının etibarlılığını pozur.
5. Fərqə səbəb yazın
Artıq və ya əskik məbləğ avtomatik hesablanır. Fərq sıfır deyilsə kassir izah, menecer isə təsdiq verir. Sonradan dəyişdirilməyən tarixçə təkrarlanan problemləri görməyə imkan verir.
6. Növbəni bağlayın və təhvil verin
Bağlanmış növbəyə yeni satış yazılmamalıdır. Növbəti kassir öz açılış məbləği ilə yeni növbə açır; beləliklə iki istifadəçinin məsuliyyəti qarışmır.
Menecer hansı göstəricilərə baxmalıdır?
Növbə müddəti, nağd/kart bölgüsü, qaytarma sayı, ləğvlər, endirimlər və fərq birlikdə qiymətləndirilməlidir. Tək bir fərqdən daha vacibi eyni kassirdə eyni nümunənin təkrarlanmasıdır.
Bağlanışdan əvvəl beş yoxlama
- Düzgün kassanın və açıq növbənin seçildiyini yoxlayın.
- Göndərilməmiş offline satış varsa bağlantını bərpa edin və uğurlu sinxronizasiyanı gözləyin.
- Nağd satış, kart, qaytarma, mədaxil və məxarici ayrı tutuşdurun.
- Kassadakı pulu fiziki sayın və faktiki məbləği daxil edin.
- Fərq varsa səbəbi qeyd edin; bağlanmış növbənin yekun nəticəsini yoxlayın.
Real proqramda sınaq nəticəsi
Nümayiş üçün hazırlanmış bazada başlanğıc nağd 300 AZN, nağd satış 16,34 AZN və nağd qaytarma 1,80 AZN idi. Gözlənilən nağd 314,54 AZN oldu. Sayılan məbləğ də 314,54 AZN daxil ediləndə növbə 0 fərqlə bağlandı. Kart satışları bu nağd cəmə əlavə edilmədi. Rəqəmlər real müştəri nəticəsi deyil, sınaq məlumatıdır.
Növbə bağlanışının ekran videosuna baxın. Öz məbləğlərinizi növbə fərqi kalkulyatorunda yoxlaya bilərsiniz. Kalkulyatorun nəticəsi proqramda növbə bağlamır; əməliyyat ayrıca kassada tamamlanır.