Başlanğıc
Qeydiyyat, şirkət qurulması, filial və anbarın yaradılması — ilk 15 dəqiqədə sistemi işə salın.
1. Qeydiyyat
Qeydiyyat səhifəsində ad, soyad, telefon, e-mail və şifrənizi, ardınca şirkət adını və biznes növünü daxil edirsiniz. Biznes növü mühümdür — seçiminizə görə sistem uyğun modulları aktivləşdirir:
| Biznes növü | Avtomatik aktivləşən modullar |
|---|---|
| Market | Partiya (batch), son istifadə tarixi, elektron tərəzi |
| Topdan satış | Miqdara görə qiymət, çoxvahidli satış, nisyə |
| Geyim / Ayaqqabı | Rəng və ölçü variantları |
| Elektronika | IMEI / seriya nömrəsi, zəmanət |
| Kosmetika | Partiya, son istifadə tarixi |
| Tikinti | m², m³, ton vahidləri, qiymət pillələri |
Qeydiyyat tamamlandıqda şirkətiniz, əsas filial, anbar və "Kassa 1" avtomatik yaradılır. Demo məlumat da əlavə olunur ki, sistemi dərhal sınaya biləsiniz — real işə başlayanda bu məhsulları silə və ya dəyişə bilərsiniz.
2. Şirkət ayarları
Ayarlar bölməsində şirkət məlumatlarını, loqonu, valyutanı və saat qurşağını dəqiqləşdirin. Xüsusilə diqqət yetirin:
- Mənfi stok — söndürülü qalsa anbarda olmayan məhsul satıla bilməz. Topdan satışda bəzən açıq saxlanılır.
- Növbə tələb olunsun — açıq olduqda kassir növbə açmadan satış edə bilmir.
- Invoice prefiksi — satış nömrələrinin formatı (məsələn
SAT-2026-000001). - Maksimum endirim — şirkət üzrə ümumi limit.
- Çek parametrləri — 58 mm / 80 mm, loqo, VÖEN, kassir adı, qalıq borc.
3. Filial və anbar
Bir filialla başlaya bilərsiniz. Yeni filial açdıqda ona ayrıca anbar və kassa bağlayın:
- Filiallar → yeni filial (ad, ünvan, telefon, müdir, iş saatları)
- Anbarlar → yeni anbar (növ: mərkəzi / filial / satış anbarı)
- Kassalar → yeni kassa (filial, anbar, printer növü)
Anbar növü vacibdir: mərkəzi anbardan filial anbarlarına transfer edilir, satış isə kassaya bağlanmış anbardan aparılır.
4. İstifadəçilər və rollar
Sistem 7 hazır rolla gəlir:
| Rol | Nə edə bilir |
|---|---|
| Şirkət sahibi | Hər şey |
| Administrator | Rollar və ayarlar xaric hər şey |
| Filial müdiri | Öz filialının satış, anbar, xərc və hesabatları |
| Kassir | Satış, növbə, öz satışlarına baxış |
| Anbardar | Məhsul, mal qəbulu, transfer, inventarizasiya |
| Mühasib | Maliyyə, borclar, hesabatlar (satış edə bilmir) |
| Satıcı | Satış və öz nəticələri |
Hər rolun icazələrini Rollar və icazələr bölməsindən dəqiqləşdirə bilərsiniz. Kassir yaradarkən maksimum endirim faizi və PIN təyin edin — PIN limitdən artıq endirimin təsdiqi üçün istifadə olunur.
5. İlk məhsullar
İki yol var:
- Excel import — mövcud bazanız varsa şablonu yükləyin, doldurun və import edin. Səhv sətirlər ayrıca göstərilir.
- Əl ilə — Məhsullar → Yeni məhsul. Barkodu skanerlə oxutmaq kifayətdir.
6. Başlanğıc qalığı
Anbarda mal artıq varsa iki variant seçin:
- Məhsul yaradarkən başlanğıc qalıq sahəsini doldurun (ən sürətli yol)
- Və ya Mal qəbulu sənədi ilə daxil edin (təchizatçı borcu da yaranır)
7. Kassanın işə salınması
- Kassir hesabı ilə daxil olun
- Yuxarıdakı Kassa düyməsi ilə POS ekranını açın
- Növbəni aç — kassadakı başlanğıc nağd məbləği daxil edin
- Barkod oxudun və ya məhsul axtarın
- F12 ilə satışı tamamlayın
Quraşdırma zamanı kömək lazımdırsa 050 224 73 00 nömrəsinə zəng edin — məhsul bazasının köçürülməsində və işçilərin öyrədilməsində yardım edirik.