Dokumentasiya

Sistemin quraşdırılması, istifadəsi və texniki detalları.

POS / Kassa

Növbənin açılması, barkodla satış, qarışıq ödəniş, gözləməyə alma, qaytarma, çek və qısayol düymələri.

Növbənin açılması

Kassir işə başlayanda Növbəni aç düyməsini basır və kassadakı başlanğıc nağd məbləği daxil edir (məsələn 300 AZN). Şirkət ayarlarında "növbə tələb olunsun" aktivdirsə, növbə açılmadan satış mümkün deyil.

Satış ekranı

Ekran iki hissədən ibarətdir:

  • Sol tərəf — barkod sahəsi, məhsul axtarışı və səbət
  • Sağ tərəf — müştəri, endirim, cəmi məbləğ və ödəniş düymələri

Məhsul əlavə etməyin üç yolu:

  1. Barkod skaneri — oxunan kimi məhsul səbətə düşür, kursor barkod sahəsində qalır
  2. Axtarış — ad, SKU və ya barkodun bir hissəsini yazın, ox düymələri ilə seçin
  3. Klaviaturadan barkod — barkodu yazıb Enter

Qısayol düymələri

DüyməƏməliyyat
F2Məhsul axtarışı
F4Müştəri seçimi
F6Səbəti gözləməyə al
F7Gözləyən səbətlər
F8Endirim
F9Nağd ödəniş
F10Kart ödənişi
F12Satışı tamamla
DelSeçilmiş sətri sil
EscPəncərəni bağla

Müştəri seçimi

F4 ilə müştəri seçin. Müştəri seçildikdə:

  • Onun qrupuna uyğun qiymət səviyyəsi bütün sətirlərə tətbiq olunur
  • Cari borcu və kredit limiti ekranda görünür
  • Nisyə ödəniş mümkün olur

Yeni müştərini kassadan çıxmadan yarada bilərsiniz — ad və telefon kifayətdir.

Endirim

Endirim iki səviyyədə verilir:

  • Sətir üzrə — konkret məhsula
  • Ümumi satış üzrə — bütün səbətə

Format: faiz (%) və ya məbləğ (AZN).

Kassirin maksimum endirim faizi istifadəçi profilində təyin olunur (məsələn 5%). Daha böyük endirim üçün sistem administrator PIN-i tələb edir. Təsdiq edən şəxs və endirim faizi audit log-a düşür.

Ödəniş

Beş ödəniş üsulu: nağd, kart, bank, nisyə və qarışıq.

Satış: 100 AZN
  Nağd: 40 AZN
  Kart: 60 AZN
─────────────────
Ödənilib: 100 AZN, borc: 0
Satış: 1500 AZN
  Nağd:  500 AZN
  Nisyə: 1000 AZN
─────────────────
Müştərinin balansına 1000 AZN borc yazılır

Nağd artıq verilibsə (məsələn 100 AZN satışa 150 AZN nağd) sistem qalığı hesablayır və kassaya yalnız real məbləğ düşür.

Gözləməyə alma

Müştəri nəyisə unudubsa və ya sənəd gözləyirsə, F6 ilə səbəti gözləməyə alın — kassa boşalır və növbəti müştəriyə xidmət edə bilərsiniz. F7 ilə gözləyən səbətlərin siyahısını açıb istənilənini davam etdirin.

Qaytarma

Satışı tam və ya qismən qaytarmaq mümkündür:

  1. Satış nömrəsini axtarın
  2. Qaytarılan məhsulların sayını göstərin
  3. Səbəb yazın (məcburidir)
  4. Qaytarma üsulunu seçin: nağd, kart, borcdan silinmə

Məhsul anbara qayıdır, müştərinin borcu varsa əvvəlcə ondan silinir, qalan hissə isə seçilmiş üsulla qaytarılır. Qaytarma üçün ayrıca icazə tələb olunur.

Satışın ləğvi

Səhvən edilmiş satış tam ləğv edilə bilər. Sənəd bazadan silinmir — statusu "Ləğv edildi" olur, stok və maliyyə geri qaytarılır, kimin nə vaxt və hansı səbəblə ləğv etdiyi audit log-da qalır.

Çek

Çekdə göstərilə bilən elementlər (Ayarlar bölməsindən seçilir):

  • Loqo, şirkət adı, VÖEN
  • Filial adı, ünvan, telefon
  • Tarix, saat, çek nömrəsi, kassirin adı
  • Məhsullar, say, qiymət, endirim
  • Cəmi, ödəniş üsulu, qalıq
  • Müştəri adı və qalıq borc
  • Alt yazı (təşəkkür mətni)

Format: 58 mm və ya 80 mm termal printer. USB və şəbəkə printerləri dəstəklənir.

Pul qutusu

Pul qutusu çek printerinə qoşulubsa, nağd satış tamamlandıqda avtomatik açılır. Bu funksiya kassa parametrlərində aktivləşdirilir.

Kassa mədaxil / məxaric

Satışdan kənar pul hərəkətləri ayrıca qeyd olunur:

  • Mədaxil — müştəri borcu ödənişi, əlavə pul qoyulması
  • Məxaric — ofis xərci, kuryer, yanacaq, maaş avansı, təchizatçı ödənişi

Hər əməliyyat üçün səbəb və istifadəçi saxlanılır. Kassada kifayət qədər nağd yoxdursa məxaric bloklanır.

Növbənin bağlanması

Gün sonunda kassir növbəni bağlayır. Sistem göstərir:

Başlanğıc pul:      300.00
Nağd satış:       4 250.00
Kart satış:       1 830.00
Nisyə:              620.00
Qaytarma:          -120.00
Kassaya daxilolma:  400.00
Kassadan çıxış:    -100.00
──────────────────────────
Sistem üzrə nağd: 4 730.00

Kassir fiziki saydığı məbləği daxil edir:

Sistem:  4 730.00 AZN
Sayıldı: 4 710.00 AZN
Fərq:      -20.00 AZN

Fərq ayrıca hesabatda göstərilir və fərq yarandıqda şirkət sahibinə bildiriş gedir. Növbə bağlandıqdan sonra göstəricilər dəyişdirilə bilmir.