Anbar qalığı ilə fiziki sayın uyğunsuzluğu mağazaların ən çox rastlaşdığı problemdir. Səbəb adətən proqram deyil, uçot qaydasının olmamasıdır.
1. Hər hərəkəti sənədləşdirin
Məhsulun anbara girişi və çıxışı yalnız sənəd əsasında olmalıdır: mal qəbulu, satış, transfer, zay, düzəliş. "Sadəcə qalığı dəyişmək" uçotu dağıdır — sonradan fərqin haradan yarandığını tapmaq mümkün olmur.
2. Barkodsuz məhsul saxlamayın
Barkodu olmayan hər məhsul kassada gecikmə və səhv deməkdir. Öz daxili barkodunuzu yaradıb etiket çap edin.
3. Mal qəbulunu elə həmin gün edin
Mal gəldi — sənəd yaradıldı. Bir həftə sonra "yadımdan çıxdı" deyilən qəbul, artıq satılmış məhsullar üzündən mənfi qalıq yaradır.
4. Əlavə xərcləri maya dəyərinə salın
Daşıma, gömrük və digər xərclər məhsulların dəyərinə proporsional paylanmalıdır. Əks halda mənfəət olduğundan yüksək görünür.
5. Minimum qalıq təyin edin
Hər məhsul üçün minimum stok göstərin ki, sistem məhsul bitməzdən əvvəl xəbərdarlıq etsin.
6. İnventarizasiyanı qrafiklə aparın
Bütün mağazanı ildə bir dəfə saymaq əvəzinə, hər həftə bir kateqoriyanı sayın. Fərqlər kiçik olanda səbəbini tapmaq asandır.
7. Fərqi sıfırlamayın — araşdırın
Hər inventarizasiya fərqinin səbəbi qeyd olunmalıdır: zay, oğurluq, səhv qəbul, səhv satış. Yalnız bu halda fərq növbəti dəfə azalır.